reklam
Biz onsuz da qayıdacağıq! Biz onsuz da qayıdacağıq! https://mail.loading.az/uploads/posts/2020-12/thumbs/1607490885_loading.az_410917369e12951a90f1d0d15bfe930c.jpg
ice berg

ice berg 🇦🇿 Qarabağ 💪 Hekayələr 9-12-2020, 13:45 Səadət Hüseynova-Ana can.. dinləyir.

Biz onsuz da qayıdacağıq!

Biz onsuz da qayıdacağıq!
- Sən xəstəsən, ya nəsən?! Artıq cana yığılmışam.

Bu dəfə gedərsən qarnizona, onda ağlın gələr başına. Mən sənə görə özümü işə salan deyiləm. Artıq neçənci dəfədir ki, səni neytral ərazidən geri qaytarırıq. Hələ bir dəfə bir neçə günlük itmişdin, onu məruzə etsəydim – nə olacaqdı?!

Başa düşürəm, həsrət çəkirsən, oraları görəndə özünü saxlaya bilmirsən. Amma hər şeyin bir qaydası var. Bax, bu axırıncı dəfədir sənə deyirəm. Əgər bir dəfə də buna cəhd etsən, sənin barəndə konkret ölçü götürəcəyəm, mənim də canım qurtarsın, –
gizir İbrahimov gizir Məmmədova sərt şəkildə xəbərdarlıq edirdi.

- Mən yalandan nə deyim? Bacarmayacağam, – deyə gizir Məmmədov sakit halda dedi.

- Ay qardaş, sən orada nə itirmisən axı? Sənin kəndin hara, buralar hara?! Axı üz tutduğun istiqamət – tam fərqli istiqamətdir, - deyə İbrahimov sual dolu baxışarla Məmmədova baxdı.

Gizir Məmmədov sakit səslə danışmağa başladı:

“Ağdamdan çıxanda şər qarışırdı. Bəlkə də həyatımda o gün qədər darıxdırıcı gün görməmişdim. Qonşumuzda bir qoca Fatmanisə nənə var idi. Oturmuşdu qapısının ağzında. Əlindəki əsaya söykənib, ətrafında baş verənlərə baxırdı. Fatmanisə nənə elə arxayın oturmuşdu ki, sanki ətrafında heç nə baş vermir. Üzündə heç bir cizgisi həyəcanla əvəz olunmamışdı. Əlində isə həmişə olduğu kimi, şəhid oğlunun şəkli var idi. Sonradan öyrəndim ki, Fatmanisə nənə bizim kənddə dəfn edilən sonuncü sakin olub. Elə oturduğu yerdə ürəyi partlayıb.

Ermənilərin hücumlarının sayı bir müddət idi ki, artmışdı. Anam dəfələrlə axşam bizi mətbəxə toplayıb, qazı açırdı. Kibriti də əlində hazır vəziyyətdə saxlayırdı ki, istənilən anda əsir düşməmək üçün yandırıb evi partlatsın. Bacım böyük olduğu üçün, hər şeyi anlayrdı. Qorxusundan tir-tir əsən bacım, anamın ayağına düşüb yalvarırdı ki, “qurban olum, etmə”. Anam isə gözündən yaş axsa da, bacımın ağlamağına fikir vermir, həyəcanla çölə baxırdı.

Hər dəfəsində isə xoşbəxtlikdən ara sakitləşirdi. Bacımın hər dəfəsində bu qədər həyəcan keçirtməsindən sonra, anam başqa bir yola əl atdı. Heç yadımdan çıxmaz: anam bir gün bizi bir yerə yığıb, yastığın altından bir bomba çıxartdı. Onu birinci boyük bacıma verdi və halqanı çəkməyini tələb etdi. Anam bizə qarşı çox sərt idi. Bacım təəccüblə anama baxıb, etiraz etmək istədi.

- Qızım, əsər düşmək olmaz. Başımıza ağla gəlməyən işlər gələ bilər. Sadəcə bilim ki, bu halqanı yerindən çəkə bilirsən. Qorxma, heç bir əzyyəti olmayacaq. Hər şey ani baş verəcək. Sən indi çək, mən yenidən geriyə taxacağam, - anam elə adi şəkildə dedi ki, deyərdin sadə bir şey haqqında danışır.

Bacımdan sonra hamımız bir-bir halqanı çəkdik. Məndən balaca bacım var idi. Hamımız təəccüblə bacıma və anama baxdıq. Anam bir qədər baxıb dedi ki, “balam, məncə sənə ehtiyac olmayacaq”.

Kənddə olanlar belə qərara gəldi ki, maşınla kəndi tərk etmək çox təhlükəli ola bilər. 10 nəfər əsgərlə əksəriyyəti qoca, qadın və uşaqlardan ibarət olan camaatı kənddən çıxartmaq qərarına gəldilər. Atam kənddə qalacaqdı. Təxminən 20-30 nəfər olardıq. Yolun əksər hissəsi meşə və sərt keçidlərdən ibarət idi. Atam bizimlə sağollaşdı, amma balaca bacımı qucağına götürüb, sinəsinə sıxdı, boynundan, gözlərindən doyunca öpdü.

Meşə soyuq və vahiməli idi. İrəlilədikcə yollar sərtləşir və irəliləmək çətinləşirdi. İz düşməyən yerlərlə gedirdik ki, yolda yaraqlılarla rastlaşmaq ehtimalımız az olsun. Bu da yolu bir az da çətinləşdirirdi. Hər kəs tövşüyürdü. Əsgərlərin 7 nəfəri öndə, 3 nəfəri isə arxada gəlirdi. Yolçuların arasında ən balacası bacım idi. Anamın belinə bağlı idi. Bacım da mənim əlimdən tutmuşdu.

Meşədən gələn adi bir hənirti bizi hürküdürdü. Biz vəhşi heyvanlardan daha çox, qarşımıza çıxa biləcək erməni vəhşilərindən çəkinirdik. Əgər onlar xəbər tutsa idilər, 10 nəfər əsgər bizi qoruya bilməyəcəkdi. Çünki, ətraf kəndlərin əksəriyyəti yaraqlılarla dolu idi. Bizim kənd bir qədər gec xəbər tutduğundan, demək olar ki, mühasirədə idi. Bizə tapşırmışdılar ki, mümkün qədər səssiz gedilməlidir. Vəhşi yaraqlılar xəbər tutsalar, bütöv meşəni belə, yandırmaqdan çəkinməzlər.

Biz ayaqlarımızı dalayan yabanı otlara, tikanlara baxmadan irəliləyirdik ki, səhərə qədər bir az yol gedə bilək. Çünki, səhər bu sürətlə irəliləmək mümkün olmayacaqdı. Hava getdikcə soyuyurdu. Böyük bacım paltosunun altından geyindiyini anamın toxuduğu yun jaketini çıxardıb, mənə geyindirdi. Kənddən xeyli uzaqlaşa bilmişdik.

Birdən əsgərlərin dayandığını gördük. Onlar bizim yerə uzanmağımızı işarə etdilər. İrəlidə 2 maşının işıqları yanırdı. Bizimlə onların arası cəmi 50-60 metr oilardı. Meşənin içərisi zülmət qaranlıq olduğu üçün, bizi görə bilmirdilər. Görünür maşınlardan biri xarab olmuşdu. Biz uzanıb, onların getməsini gözləyirdik. Bacım yatmışdı. Anam bacımı kürəyindən açıb, sinəsinə sıxmışdı.

Ermənilər elə maşınlarına minib getmək istədikdə, bacım durdu. Zülmət qaranlıqda yerə uzandığını görüb qorxdu və ağlamağa başladı. Anam tez əli ilə onun ağzını tutsa da, ermənilər meşə tərəfə boylandılar. Onların sayı 5-6 nəfər olardı. Əllərindəki silahlarını hazır vəziyyətə gətirib, yavaş-yavaş meşəyə tərəf irəliləməyə başladılar. Əsgərlər bir az da yubansaydılar, heç bir şansımız olmayacaqdı...

Avtomatların səsi meşəni bürüdü. Döyüş bir neçə dəqiqə çəkdi. Ermənilərin 5-i də yerə sərilmişdi. Amma hamı narahat idi. Artıq ermənilər duyuq düşəcəkdilər və bizim arxamızca gələcəkdilər. Hamı nigaran halda anama və bacıma baxırdılar. Anam başını aşağı dikib, bacımı sinəsinı sıxmışdı. Heç kəs bir kəlmə də olsa, bir söz demədi. Amma müəyyən pıçıltılar eşidilməyə başladı. Yubanmaq olmazdı. Yola davam göstərişi verildi. Ermənilərin meyitlərini meşədə gizlədib, yola davam etdik. Sübhə qədər dayanmadıq. Ayaqlarımız artıq keyimişdi. Böyük bacım hərdən məni qucağına alırdı. Hamı yorğunluqdan addım atmaz halda idi.

Gün çıxdıqda hava bir qədər isindi. Səhər yol getmək təhlükəli olduğundan, əsgərlər getmək üçün bir az gözləməyimizi məsləhət bildilər. Anam balaca bacımı demək olar ki, yerə qoymamışdı. Dincəldiyimiz müddət ərzində anamın ağzına bir loxma qoyduğunu görmədim. Camaat yol üçün götürdüyü bir-iki çörəyi hamının arasında bölüşdürdülər. Mənə bir tikə quru çörək verdilər. Bacım da ona verilən paydan bir qədər kəsib, mənə və kiçik bacıma verdi.

Günortadan sonra yavaş-yavaş irəliləmək göstərişi verildi. Addımlarımızı elə yavaş atırdıq ki, sanki buz üstündə yeriyirdik. Qaş qaralırdı. Ətraf qaranlığa elə bürünürdü ki, sanki bütün aləm bizi qorumaq üçün tədbir görürdü. Ay belə, gözə dəymirdi. Meşə bir azdan zülmət qaranlğa bürünəcəkdi. Əsgərlər yollara bələd olduqlarından, bizi mümkün olan bütün təhlükələrdən qorumaq üçün ən təhlükəsiz yerlərdən aparırdılar. Əsgərlər sübhə qədər təhlükəsiz zonaya çata biləcəyimizi dedilər. Getdikcə içimizdə bir qədər aramlıq yaranırdı. Düşünürdük ki, ermənilər duyuq düşsəydi, uzaqdan da olsa bir səs-səmir eşidərdik. Anam yavaş-yavaş irəlidəki sərt qayalığı bizə göstərib, onun o tərəfinin öz kəndlərimiz olduğunu bildirdi. Biz bacımla bu yol uzunun da ilk dəfə olaraq ümid dolu sifətlə təbəssüm etdik. Bacım yaxınlaşıb soyuq dodaqları ilə anamın kürəyində mışıl-mışıl yatan kiçik bacımı öpdü. Bir qədər sürətimizi artırdıq. Meşə artıq bizi qorxutmurdu. Qayalıqlara o qədər yaxınlaşmışdıq ki, sanki əlimiz uzatsaydıq, çatardı.

Elə bu vaxt irəlidə çaxnaşma yarandığını gördük. Anam həyəcanla irəli boylandı. Meşənin içində bir təpənin üstündən baxdıqda, keçəcəyimiz yolda maşınların yığışdıqlarını gördük. Ermənilər 50 nəfərdən artıq canlı qüvvə və bir neçə maşın ilə keçəcəyimiz yolda bizi gözləyirdi. Sadəcə bu sürətlə irəliləyəcəyimizi düşünmədiklərindən, qarşılamağa gəlməmişdilər. Amma güman ki, sübh açılan kimi irəliləyəcəkdilər. Hər kəs bir-birinə baxırdı. Əsgərlər yığışıb məsləhətləşməyə başladılar. Döyüşmək həll yolu deyildi. Çünki, ilk atışmada bu silahlıların sayının artma ehtimalı var idi. Nə ediləcəkdisə, gecənin zülmətində edilməli idi. Eyni zamanda silah-sursatın da azlığı durumu qəlizləşdirirdi. Axırda belə qərara gəlindi ki, əsgərlər 300-400 metr uzaqda yerləşsinlər. Özlərini göstərərək guya oradan keçməyə cəhd etsinlər. Bu da yaraqlıların diqqətini tam olaraq oraya çəkəcək. Əsgərlər mümkün olduğu qədər çox döyüşüb, erməniləri özlərinə tərəfə çəkməli idilər. Bu müddət ərzində isə camaat o dərəni keçib, qayalıqlara tərəf yönələ biləcəklər. Ermənilərn görmə zonasını azaltmaq üçün əsgərlər erməniləri bir qədər o tərəfdə olan sərt döngəyə tərəf çəkməli idilər.

Əsgərlərin 8 nəfəri deyiən əraziyə doğru getdilər. Onlar açıq-aşkar ölümə getdiklərini bilirdilər. Amma onların hər biri yerdə qalan 2 nəfərə kəndlilərin keçməsi üçün tapşırıqlarını verirdi. Onların sonuncü dəfə bizə baxması heç yadımdan çıxmaz. Qadir dayı var idi – atamın ən yaxın dostu idi. Mənə yaxınlaşdı və məni qucağına götürdü. Gözlərimdən öpdü və dedi ki, “Unutma, bu torpaqlara qayıtmağın üçün çox səbəbin var”.

Onlar sağollaşıb getdilər. Bizim arxa və ön tərəfimizdə cəmi bir əsgər qalmışdı. Bir neçə saatdan sonra döyüş başlamalı və qarşımızda olan əsgərlər yolu açdıqdan dərhal sonra keçidə tərəf qaçmalı idik. Hamı həyəcanla nə olacağını gözləyirdi. Bu bir neçə saatın əsrlərə dəydiyini desəm, inan ki, şişirtmərəm. Axır ki, gözlənilən o an gəlib yetişdi. Bizim əsgərlər hava işıqlanmağa yaxın vaxtda atışmağa başladılar ki, biz az da olsa, ayağımızın altını görək. Bir neçə yüz metr aralıdan əsəgərlər səs-küylə dərəyə tərəf gedirmiş kimi, özlərini göstərməyə başladılar.

Gözlədiyimiz an gəldi – ermənilər hamısı səs gələn istiqamətə doğru qaçmağa başladılar. Ani olaraq atışma başladı və bizimkilər geriyə – meşəyə doğru qaçıb gizləndilər. Bizimkilər atışmaya bir az ara verdilər. Məqsəd yaraqlıların tam şəkildə yanımızdan uzaqlaşmaları idi. Onlar dərənin içindən meşəyə doğru gedirdilər. Yanımızdakı 2 əsgər bir qədər gözləyib, bizə keçməyin vaxtı olduğunu işarə verdi. Biz dərəni keçmək üçün sürətlə qaçmağa başladıq. Mən bizdən bir neçə yüz metr aralıda necə döyüş getdiyini görürdüm. Ermənilərin əksəriyyəti dərənin içində, bizdən bir qədər irəlidəki qayalıqdan o tərəfdə olduqları üçün, bizi görmək ehtimalı az idi. Amma onların meşəni necə gülləbaran etdiklərini görürdük. Anam bacımı belinə, məni isə qucağına alıb qaçırdı. Bir neçə yerdə büdrədi, dizi üstə daşlığa çökdü. Amma “uf!” belə demədən qalxıb, kənd camaatından geri qalmadı. Bacım o qədər yorğun idi ki, halsız düşüb qalmışdı.

Biz qayalığı artıq dırmaşmışdıq və səslərin yavaş-yavaş azalması isə əsgərlərimizin əksəriyyətinin şəhid olduğu anlamına gəlirdi. Biz mümkün olduğu qədər uzaqlaşmaq istəsək də, olmurdu. Bir qədər sonra isə səs tamamilə kəsildi. Biz qayalığın üstündə olsaq da, ehtiyatsızlığımız bizim yerimiz haqqında xəbər verə bilərdi. Buna görə hər kəs mümkün olduğu qədər ehtiyatla davranırdı. Bizim üçün cəmi bir neçə km-lik yol qalmışdı.

Anam bacımın uzun müddət səssiz qalmsından çox narahat olmuşdu. Məni bacıma verib, uşağı belindən açdı. Sifətini uşağın ağzına verdi. Uşaq aramla da olsa, nəfəs alırdı. Dərindən nəfəs aldı və uşağı sinəsinə sıxdı. Elə bu an bacım yuxudan ayıldı və möhkəm qışqırmağa başladı. Hamı şoka düşmüşdü. Heç kəs uşağı sakit edə bilmirdi və hamı da anlamışdı ki, artıq gec idi. Bu səs-küy qayalıqlarda əks-səda vermişdi. Anam heç kəsin üzünə baxa bilmirdi. Anamın o anlarda sifətinin halı mənim yadımdan heç vaxt çıxmaz. Anam o qədər çarəsiz idi ki, dayanmadan gözündən yaş axırdı. Ermənilərin duyuq düşməsi şübhəsiz idi. Anam bacıma baxdı və gözləri ilə bacıma nələrsə işarə etdi. Bacım əli ilə ağzını tutdu və hıçqırtısından bütün bədəni titrəyirdi. Gəlib əlimdən tutdu və qoynundan nə isə çıxardıb bükülü halda anama verdi. Məni anamdan kənara çəkmək istəyəndə, anam əyildi üzümdən öpdü və məni sinəsinə sıxdı, böynumdan, boğazımdan öpüb, sinə dolsusu qoxladı. Mən nə baş verdiyini anlamırdım. Amma deyəsən anlamayan bircə mən idim. Anam bacımı belinə bağlayıb, gəldiyimiz istiqamətdə geri getməyə başladı. O, ermənilər tərəfə gedib, burada sadəcə o ikisinin olduğu təsəvvürünü yaratmalı idi. Bacımla getməsəydi, bacım yol uzunu yenə ağlayacaqdı və anamın getməyinin heç bir əhəmiyyəti olmayacaqdı.

Mən hər kəsə baxırdım və heç kəs yerindən tərpənmirdi. Aman Allah, bu insanların yəni heç biri gedib, anamı geri qaytarmayacaq?! Mən gah anamın arxasınca, gah da insanlara baxırdım. İnsanların sakit-sakit baxmağı məni dəli edirdi. Nə qədər dartınırdımsa da, bacım məni sinəsinə sıxıb buraxmırdı. Əgər mən olmasaydım, bacım şübhəsiz ki, anamla gedəckdi. İçimdə bu qədər birgə yol gəldiyimiz Gülbadam xalaya, Tükəz xalaya, Qadir dayının bacısı Məsmə anaya nifrət edirdim. Onlar istəsəydi, anamı geri qaytarardı, amma heç kəs cınqırını belə çıxartmadı və anamı ölümlə baş-başa buraxdılar. Çox sonralar onlara haqq qazandırsam da, içimdəki nifrəti söküb ata bilmədim.

Bacım əl atıb ağzımı tutdu və hıçqıra-hıçqıra dedi: “Əgər qışqırsan, anamızın bizim üçün özünü fəda etməsinin heç bir mənası olmayacaq. Anamız bizi xilas etmək üçün özünü fəda etdi, sən də kişiliyini sübut et və səsin çıxmasın. Bax, əlimi götürəcəyəm, sən də sakit dayanacaqsan. Bir neçə saatdan sonra buralardan uzaqlaşıb, öz əsgərlərimizin əhatəsində olacağıq. Oldu?”. Mən başımla razılıq işarəsini verdim.

Bilirsən bu şeylər kimdən istənilirdi? Mən balaca uşaq idim ee. Mən doyunca anamı görməmişdim. İçimdə elə boşluq yaranmışdı ki, uzun müddət nə üçün yaşadığımı müəyyən edə bilmirdim. Mənim üçün anamsız yaşamaq mümkün olan bir şey kimi görünmürdü...

Təqribən 20-25 dəqiqə sonra anamın getdiyi istiqamətdə partlayış eşidildi və hamı bu partlayışın haradan gəldiyini çox gözəl anlamışdı...”.


Gizir Məmmədov sifətinə süzülb axan göz yaşlarını silərək, məchul bir nöqtəyə baxırdı.

Ətrafa səssislik çökmüşdü. Gizir İbrahimov lal-dinməz gizir Məmmədova baxırdı. Gözlərində elə qığılcımlar parıldayırdı ki, sanki içində bir atəşfəşanlıq baş verirdi. Danışmağa bir kəlmə də söz yox idi.

Gizir Məmmədov əl atıb dayanmaq bilməyən göz yaşlarını silərək, gözlərini məchul nöqtədən ayırmayaraq əlavə etdi:

“Camaat öz əsgərlərimizi gördükdə, onlara sarı qaçanda bacım ilə mən yerə çökdük. Mən dayanmadan bəlkə də bir neçə saat “ana!” deyə qışqırmışam. Məni kəndə gətirənə qədər sakit edə bilmirdilər. Mənə sakitləşdirici iynə vurub, yatırdırdılar, ancaq onda sakit qalırdım. Ayıldıqda ancaq “ana!” deyə qışqırırdım. Amma bir neçə gün sonra sakitləşdim və bəlkə də bir neçə ay danışmadım. Bacımın saçları elə ağarmışdı ki, baxan düşünərdi ki, yaşlı qocadır. Ətrafımda gülən adam görəndə, anlaya bilmirdim. Qulqalarımdan o partlayış səsi getmirdi. O partlayış səsi ilə kəndlərimizə çatmağımız arasında cəmi bir neçə saat fərq oldu. Hər dəfə o səhnə yadıma düşəndə, gözümün qabağına bacımın hər şeydən xəbərsiz məsum üzü gəlir”.

Davamında Məmmədov təbəssüm edərək:

– Bacım bilirsən necə gözəl uşaq idi? Mən və bacım anama oxşayırıq. Amma bacım atama oxşayırdı...

Gizir Məmmədov ayağa qalxıb, səssiz halda dayanan gizir yoldaşına sakit halda dedi:

- Qardaş, məni saxlamağa çalışma. O meşələrdə, o qayalarda anam və kiçik bacım məni səsləyir. Bu gün də olmasa, bir gün gedəcəyəm.

Gizir İbrahimov əllərini dizinə təkan verərək, yavaş-yavaş qalxıb kazarmadan çıxdı.

Səhər kazarma bir-birinə dəymişdi. Gizir Mübariz İbrahimov kazarmada yox idi. Heç kəs İbrahimovun qaçdığını düşünməsə də, ehtiyat üçün valideynlərinə zəng vurmuşdular. Amma sonda otağından bir neçə cümləlik məktub tapılmışdı.

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşaallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin...”.


Mətləb Həmzəli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
367 407 403 381 403 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.